Quzukənd

Quzukənd – keçmiş Qars vilayətinin Qara qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km şimal-qərbdə, Arpagölün şimal-qərbində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Adı erməni müəlliflərinin əsərlərində “Kuzikənd”, “Xozikənd”, “Xozulu” formalarında qeyd edilir.

Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri azərbaycanlıların etnik qruplarından biri olan qarapapaqlar kimi göstərilir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 382 nəfər, 1908-ci ildə 379 nəfər, 1914-cü ildə 455 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1922-ci ildə kənddə 439 nəfər, 1926-cı ildə 463 nəfər, 1931-ci ildə 497 nəfər, 1939-cu ildə 577 nəfər, 1959-cu ildə 546 nəfər, 1970-ci ildə 856 nəfər, 1979-cu ildə 996 nəfər, 1987-ci ildə 984 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında, 1989-cu ilin yanvarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim “quz” oğuz etnoniminin ərəb dilində işlənən formasıdır. Türk dilində “yaşayış məntəqəsi, şəhər” mənasında işlənən “kənd” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.

Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kənd “Qarnariç” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°04′ şm. e., 43°36′ ş. u.