Quzugüdən – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 10 km cənub-şərqdə, Araz çayının yaxınlığında, dəniz səviyyəsindən 950 m hündürlükdə yerləşir. Kəndin ilkin, qədim adı “Quzukutan” olmuşdur. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı “Quzugüdənli” formasında qeyd edilir və göstərilir ki, kəndin əhalisi mürsəlli camaatındandır. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Ğuzigeden”, “Ğuzigedan”, “Kuzikutan” formalarında, Qafqazın beşverstlik xəritəsində “Kuzikuden” formasında qeyd olunmuşdur.
Kənddə tarixən azərbaycanlılar yaşamışlar. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və burada 1828–1830-cu illərdə Türkiyənin Ələşkirt, Sürməli və Muş vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişlər.
Toponim əfşar türk tayfasından olan “quzugüdənli” etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Ayqeşad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 44°04′ ş. u.