Qurumsulu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 48 km şimalda, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim türk dilində “yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası” mənasında işlənən “qurum” sözü ilə “-lu” şəkilçisi qəbul etmiş “su” sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində “qaya parçası” mənasında işlənən “qorum” (qorum) formasında işlənmişdir. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dostlu” qoyulmuş, 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək “Barekamavan” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 45°06′ ş. u.