Qursalı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 15 km şimal-qərbdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində, dəniz səviyyəsindən 1580 m hündürlükdə yerləşir. Hamamlı (Spitak) rayonu yaradılana kimi (1937-ci ilə kimi) Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur.
Kənddə 1831-ci ildə 73 nəfər, 1873-cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904-cü ildə 824 nəfər, 1914-cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 839 nəfər, 1926-cı ildə 954 nəfər, 1931-ci ildə 1033 nəfər, 1939-cu ildə 1215 nəfər, 1959-cu ildə 1271 nəfər, 1970-ci ildə 1998 nəfər, 1978-ci ildə 2002 nəfər, 1987-ci ildə 2700 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar Ermənistan hökuməti tərəfindən tarixi-etnik torpaqlarından qırğınlarla müşayiət olunmaqla deportasiya edilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim kəngər türk tayfasından olan “xurs” etnonimi ilə Alı şəxs adı əsasında əmələ gəlmişdir. “Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd” mənasını ifadə edir.
Hazırda kənd “Arcahovit” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°49′ şm. e., 44°20′ ş. u.