Qurduqulu

Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 680 km² olan rayonun mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir. Qurduqulu rayonunun ərazisi Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalı, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasına daxil olmuşdur.

Toponim “qurd” türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib “qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Hoktemberyan” qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə “Armavir” adlandırılmışdır. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünmüş və qondarma Bağramyan rayonu təşkil olunmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.