Qurdlubulaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Kəndin digər adı “Qurdbulaq”dır. Vilayət mərkəzi Gümrü şəhərindən 34 km şimalda, dəniz səviyyəsindən 1995 m hündürlükdə yerləşir.
Kənddə 1880-ci ilə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1879–1880-ci illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdir.
Toponim mənsubluq bildirən “-lu” şəkilçisi qəbul etmiş “yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən heyvan” mənasında işlənən “qurd” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlib “Qurdlu bulaq yanında salınan kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Krasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°01′ şm. e., 43°49′ ş. u.