Qulucan

Qulucan – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 1825 m hündürlükdə yerləşir. Urartu yazısında “Kuliaini” formasında göstərilib. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada ermənilərlə yanaşı, 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1878-cı ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qoyularaq deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim VI–VII əsrlərə aid Çin mənbələrində göstərilən “quliqan” etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində “q-c” (qan~can) səs dəyişməsi qanunauyğun haldır. “q-c” səsdəyişməsi Azərbaycan toponimində də (Adərbadqan → Adirbadqan → Adərbayqan → Azərbaycan) özünü göstərmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Spandaryan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 44°01′ ş. u.