Qulucan

Qulucan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırkı Ararat vilayəti ərazisində mövcud olmuş kənd. Araz və Zəngi çaylarının kəsişdiyi yerdə yerləşmişdir.

Kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1894-cü ildə kənddə 75 nəfər, 1905-ci ildə 63 nəfər, 1914-cü ildə 81 nəfər azərbaycanlı yaşamışdır. 1917-1918-ci illərdə erməni təcavüzünə məruz qalan kəndin əhalisi qonşu azərbaycanlı kəndlərinin əhalisi ilə birgə Arazın o tayına – Türkiyəyə mühacirət etmiş, bölgədə sovet hakimiyyəti qurulduqdan sonra doğma kəndlərinə dönmüşlər. 1922-ci ildə geri dönənlərin sayı 67 nəfər olmuş, kənd əhalisinin sayı 1931-ci ildə 59 nəfərə qədər azalmışdır. Kənd Seyidkənd sovetliyinə tabe olmuşdur. 1950-ci ildə kəndin əhalisi növbəti dəfə soyqırımına məruz qalmış və bütünlüklə Azərbaycana deportasiya olunmuşlar. Kənd isə ləğv edilərək ərazisi Həbilkənd kəndi bazasında yeni yaradılmış Kalinin sovxoz-qəsəbəsinə verilmişdir. Bir neçə il sonra doğma kəndə geri dönmüş qulucanlılar doğma kəndlərində yaşasalar da, artıq rəsmi sənədlərdə Kalinin qəsəbəsinin sakini hesab olunmuşlar.

Toponim şəxs adı əsasında formalaşmışdır.

Zəngibasarlıların müqəddəs ziyarətgahı olan Ağadədə piri Qulucan kəndinin yanında yerləşirdi.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°25′ ş. u.