Quldərviş

Quldərviş – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 57 km şimal-qərbdə, Alagöz dağının cənub-şərq ətəyində, 2050 m hündürlükdə yerləşir.

Kənddə 1873-cü ildə 190 nəfər, 1886-cı ildə 243 nəfər, 1897-ci ildə 261 nəfər, 1904-cü ildə 327 nəfər, 1914-cü ildə 346 nəfər, 1916-cı ildə 368 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin yanvar-fevral aylarında kənd sakinləri olan azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qoyularaq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qıpçaq tayfasından olan qul etnonimi ilə dərviş sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Vosketas” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 43°57′ ş. u.