Qulalı

Qulalı – keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 75 km cənub-şərqdə, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada ermənilərlə yanaşı, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılaraq kənddən çıxarılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qıpçaq türk tayfasından olan “qul” etnonimi ilə Alı şəxs adından əmələ gəlib “qul tayfasından olan Alının kəndi” mənasını verir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Haykedzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°49′ şm. e., 45°32′ ş. u.