Quləli

Quləli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 2 km cənub-şərqdə, Quləli dağının ətəyində, dəniz səviyyəsindən 1975 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kəndə 1828–1830-cu illərdə Türkiyənin Bəyazid bölgəsindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Burada 1897-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar erməni silahlıları tərəfindən tamamilə qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qıpçaq türk tayfasından olan “qul” etnoniminin Əli şəxs adına birləşməsindən əmələ gəlmişdir və “qul tayfasından olan Əliyə məxsus kənd” anlamını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Karmirqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 43°57′ ş. u.