Qrampa

Qrampa – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 21 km şimal-şərqdə, Kasax çayının sağ sahilində, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Kəranpa kəndi kimi qeydə alınmışdır.

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra kənddə 1828–1830-cu illərdə Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada 1831-ci ildə 90 nəfər azərbaycanlı, 25 erməni, 1873-cü ildə 120 nəfər azərbaycanlı, 273 erməni, 1886-cı ildə 112 nəfər azərbaycanlı, 337 erməni, 1897-ci ildə 129 nəfər azərbaycanlı, 401 erməni yaşamışdır. 1918-ci ilin fevralında kənddə yaşayan azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır. 1923–1924-cü illərdə onlar yenidən ata-baba yurdlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim oğuzların uluyörük tayfasından olan kərampa etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci ilə adı dəyişdirilərək “Tsiatsan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°11′ şm. e., 44°16′ ş. u.