Qozluca – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsindən 3-5 km şərqdə, Qoytul kəndinin yaxınlığında, Ulqyurd çayının sahilində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 342 nəfər, 1886-cı ildə 549 nəfər, 1897-ci ildə 630 nəfər, 1904-cü ildə 647 nəfər, 1914-cü ildə 711 nəfər, 1916-cı ildə 791 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 92 nəfər azərbaycanlı yaşamışdır. 1923–1925-ci illərdə azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarıldıqdan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır..
Toponim “qoz” bitki adına “-lu” və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən “-ca” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.