Qoytul

Qoytul – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Əştərəkdən 13 km şimal-qərbdə yerləşirdi. Kəndin digər adı “Qoytur”dur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı “Quytul” formasında da qeyd edilir. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr mövcuddur.

Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 203 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 351 nəfər, 1908-ci ildə 210 nəfər, 1914-cü ildə 213 nəfər, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənddə Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar öz doğma ocaqlarına dönə bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə onlar yenidən tarixi-etnik torpaqlarından qovulmuşlar. Kənd sonradan yaşayış məntəqələri siyahısından çıxarılmışdır.