Qovuşuq – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsindən 10 km şimal-şərqdə, Ələyəz çayının sahilində yerləşir. Qafqazın beşverstlik xəritəsində “Qovşuq”, erməni müəlliflərinin əsərlərində “Qavuşuq”, “Kavuşuq” formalarında qeydə alınmışdır. Tarixi mənbələrdə X əsrdən adına rast gəlinir. XVII əsrdə kənd yenidən bərpa edilmişdir.
Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq əhalisi deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qıpçaq türk tayfasından olan “qov” etnoniminə “-uş” və “-uq” şəkilçilərinin artırılması ilə düzəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hermon” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 45°25′ ş. u.