Qovşud – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Kəndin başqa adları “Qovşuq”, “Qovşutlu” olmuşdur. Gığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında, dəniz səviyyəsindən 1525 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1897-ci ildə 163 nəfər, 1914-cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 109 nəfər, 1931-ci ildə 123 nəfər, 1939-cu ildə 208 nəfər, 1987-ci ildə 200 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim “qovşud” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kavçut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°12′ şm. e., 46°14′ ş. u.