Qoturbulaq

Qoturbulaq – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 31 km qərbdə, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində işlənən “qotur” və “bulaq” sözlərindən əmələ gəlmişdir. Kənd müalicəvi əhəmiyyətli bulağın yaxınlığında (həmin bulağın suyundan əsasən qoturluq xəstəliyində istifadə olunurmuş) salındığı üçün kənd “Qoturbulaq” adlandırılmışdır. Hidrotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Katnaxbuyr” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°02′ şm. e., 44°13′ ş. u.