Qotur

Qotur – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayət mərkəzindən 42 km şimal-qərbdə, Abaran çayının sağ qolu üzərində, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Qoytur” olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin köklü sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər. 1829–1840-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişlər. Burada ermənilərlə yanaşı, 1873-cü ildə 72 nəfər, 1886-cı ildə 80 nəfər, 1897-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “bitkisiz, otsuz yer” mənasında işlənən “qotur” sözü əsasında əmələ gəlmişdir.