Qoşavəng

Qoşavəng – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 37 km cənub-qərbdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1829–1830-cu illərdə Türkiyənin Muş, Ərzurum və Malazgirt vilayətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim Azərbaycan dilində “cüt, yanaşı” mənasını bildirən qoşa və “qala, istehkam, yaşayış yeri, kilsə” mənasını bildirən “vəng”sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Haykadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°31′ şm. e., 43°39′ ş. u.