Qoşabulaq

Qoşabulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 82 km şimal-şərqdə, Məzrə çayının yanında, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin ərazisində azərbaycanlılarla bağlı XV–XVI əsrlərə aid tarixi abidələr, qəbiristanlıqlar mövcuddur.

Kənddə 1831-ci ildə 117 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 419 nəfər, 1897-ci ildə 456 nəfər, 1908-ci ildə 596 nəfər, 1914-cü ildə 672 nəfər, 1916-cı ildə 553 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə aprelin 13–20-də azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq öz doğma kəndlərindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra onlar yaşayış yerlərinə qayıda bilmişdilər. 1922-ci ildə 337 nəfər, 1926-cı ildə 291 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 629 nəfər, 1959-cu ildə 638 nəfər,1979-cu ildə 1440 nəfər, 1987-ci ildə 1800 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “cüt, tək olmayan” mənasında işlənən “qoşa” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şadcrek” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°48′ ş. u.