Qoş

Qoş – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışlar. 1858–1870-ci illərdə Türkiyədən bura ermənilər köçürülüb yerləşdirilmişlər. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 10 nəfər, 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır” mənasında işlənən “qoş” sözü əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Koş” kimi yazılır “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 44°09′ ş. u.