Qolqat – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Qovluqat”dır.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–1829-cu illərdə Türkiyənin Muş, Xnıs, Ələşkirt vilayətlərindən ermənilər köçürülüb burada yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1831-ci ildə 17 nəfər, 1873-cü ildə 13 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşlar.
Toponim türk dilində “susuz dərə”, “çay yeri”, “axar”, “çay”, “dərə, vadi” mənalarında işlənən “qol” sözü ilə “bataqlıq” mənasında işlənən “qat” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Geğanist” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 44°01′ ş. u.