Qızılxaraba – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Əyricə kəndinin yaxınlığında, Arxaşan və Əbdülasar dağları arasında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 136 nəfər, 1897-ci ildə 125 nəfər, 1908-ci ildə 215 nəfər, 1914-cü ildə 421 nəfər, 1916-cı ildə isə 249 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin mart ayında kəndin sakinləri erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qovulmuşlar. Kənddə 1930-cu ilə kimi heç kim yaşamamışdır. 1930-cu ildən sonra bura ermənilər köçürülmüşdür. Hazırda kənd ləğv edilmişdir.
Toponim Azərbaycan dilində qırmızı mənasında (torpağın suxurlarının rənginə görə) işlənən “qızıl” sözü ilə “dağıdılmış” mənasında işlənən “xaraba” sözündən əmələ gəlmişdir. Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yaxınlığındakı kənd mənasını verir.