Qızılxaraba

Qızılxaraba – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, indiki Araqastotn vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin adı erməni mənbələrində “Qızılabad”, “Tulunəbi” kimi də göstərilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qızılviran”, Qafqazın beşverstlik xəritəsində “Qızılxaraba” kimi qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 102 nəfər, 1908-ci ildə 56 nəfər, 1914-cü ildə 60 nəfər, 1916-cı ildə 38 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində qırmızı mənasında (torpağın suxurlarının rənginə görə) işlənən “qızıl” sözü ilə “dağıdılmış” mənasında işlənən “xaraba” sözündən əmələ gəlmişdir. “Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yaxınlığındakı kənd” mənasını verir.