Qızılörən

Qızılörən – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 21 km şimal-qərbdə, Çubuxlu dağ silsiləsinin cənub-qərb ətəyində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1937-ci ilə kimi keçmiş Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur.

Kənddə 1831-ci ildə 41 nəfər, 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 220 nəfər, 1908-ci ildə 250 nəfər, 1914-cü ildə 273 nəfər, 1916-cı ildə 276 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1918-ci ildə erməni sılahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuş, 1918–1920-ci illərdə xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 92 nəfər azərbaycanlı, 54 erməni, 1926-cı ildə 107 nəfər azərbaycanlı, 105 erməni, 1931-ci ildə 140 nəfər azərbaycanlı, 226 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdir. 1987-ci ildə burada 268 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1988-ci ilin noyabrında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində qırmızı (torpağın süxurunun rənginə görə) mənasında işlənən “qızıl” sözü ilə türk dilində “xarabalıq, uçulmuş divar” mənasında işlənən “örən” sözünün birləşməsindən əmələ gəlmişdir. Türklər, qədim zamanlardan qalma kənd və şəhər xarabalıqlarının yaxınlığında yerləşdikləri zaman bu xarabalara “örən” və ya “viran” adını vermişlər. Bu adın əvvəlinə ya mənsub olduqları tayfa, oymaq, obanın adını, ya da torpağın rənginə görə “ağ”, “qara”, “qızıl” kimi sifətlər əlavə edərək yeni adlar yaratmışlar.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şenavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 44°14′ ş. u.