Qızılkilsə

Qızılkilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km şimalda, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Qızılkilsə qarapapaq”, “İrəvanın əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində “Qızıkilsə” formasında qeydə alınmışdır. Kənddə qarapapaq tayfası yaşadığı üçün yaşayış məntəqəsi həm də “Qarapapaq Qızılkilsəsi”, “Türk Qızılkilsəsi” adlandırılmışdır.

Kənddə 1886-cı ildə 210 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 293 nəfər, 1914-cü ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin may ayında kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 148 nəfər, 1931-ci ildə 168 azərbaycanlı yaşamışdır. Sonradan azərbaycanlılar kəndi tamamilə tərk etmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “qırmızı” mənasında işlənən “qızıl” və dini məbəd mənasını bildirən “kilsə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Karmravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°00′ şm. e., 43°52′ ş. u.