Qızılkilsə

Qızılkilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. 1930-cu ildə keçmiş Stepanavan (Cəlaloğlu) rayonunun tabeliyində olmuşdur. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 55 km şimal-qərbdə, Dəmirçilər kəndinin yaxınlığında, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin bir adı da “Dağ Qarakilsə” olmuşdur.

Kənddə 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 202 nəfər, 1908-ci ildə 215 nəfər, 1916-cı ildə 490 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti quruladan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönmüşdürlər. Burada 1922-ci ildə 373 nəfər, 1926-cı ildə 409 nəfər, 1931-ci ildə 437 nəfər, 1939-cu ildə ildə 548 nəfər, 1959-cu ildə 577 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə Ermənistan dövləti tərəfindən azərbaycanlılar tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qırmızı mənasında işlənən “qızıl” sözü ilə “kilsə” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qızıldaş”, Ermənistan prezidentinin 3 aprel 1991-ci fərmanı ilə yenidən dəyişdirilərək “Arçni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°12′ şm. e., 44°22′ ş. u.