Qızılcıq

Qızılcıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 99 km şimal-qərbdə, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914-cü ildə isə 441 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 292 nəfər, 1939-cu ildə 441 nəfər, 1959-cu ildə 587 nəfər, 1979-cu ildə 651 nəfər, 1987-ci ildə isə 466 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim torpağın rəngini bildirən və qırmızı mənasında işlənən “qızıl” sözünə kiçiltmə mənası bildirən “-cıq” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə dəyişdirilərək “İşxanasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°33′ şm. e., 46°02′ ş. u.