Qızıl Qoç

Qızıl Qoç – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində şəhər tipli qəsəbə. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km şimalda, Gümrü–Axalkələk yolunun kənarında, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi Türkiyəyə köç etmişdir.

Toponim qırmızı mənasında işlənən “qızıl” sözü ilə (qırmızı rəngdə olan süxur nəzərdə tutulur), “düşərgə, qərargah”, mənasında işlənən “koş” (→qoç) sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Verin Qukasyan”, 12 oktyabr 1956-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Qukasyan” qoyulmuşdur. 14 noyabr 1990-cı ildə “Aşosk” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 43°51′ ş. u.