İrəvan şəhərinin ən qədim körpüsü olan Qırmızı körpü Zəngi çayının üzərində 1679-cu ildə inşa edilmişdir. Həmin dövrdə Zəngi çayı üzərindən şəhərə getmək üçün yeganə keçid olan bu körpü qırmızı daşdan hörüldüyünə görə bu adı almışdır. Qədim İpək Yolundan keçdiyinə görə şəhərin tarixi üçün böyük əhəmiyyətə malik olmuşdur. Bəzən Zəngi çayının üzərində tikildiyi üçün körpüyə Zəngi körpüsü də deyilmişdir.
Qırmızı körpünün ümumi uzunluğu 80 m, hündürlüyü 11 m, eni isə 4,8 m olmuşdur. İki tağı olan bu körpünün ikitərəfli əlavə axınını təmin etmək üçün kiçik köməkçi tağı da var idi. Böyük Qələbə körpüsü tikildikdən sonra Qırmızı körpüdən istifadə edilməmiş və bu tarixi abidə dağılmışdır.
Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Bayramov İ., Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti (Bakı, 2011)