Qıpçaq

Qıpçaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Ermənilər kəndə Türkiyənin Ərzurum, Bayburd və Muş vilayətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim qədim türk tayfalarından olan “qıpçaq” etnonimi əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Haric” qoyulmuşdur. Kənddə orta əsrlərə aid edilən bir neçə qıpçaq məbədi mövcuddur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°35′ şm. e., 44°00′ ş. u.