Qılıcyataq

Qılıcyataq (Birinci Qılıcyataq) – keçmiş İrəvan quberniyasının Adeksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 66 km şimal-qərbdə, dəniz səviyyəsindən 1575 m hündürlükdə yerləşir. Kəndin digər adı Birinci Qılıncyataq olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Kəndin adı Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “birinci” sözü ilə Azərbaycan dilində “hündür bir yerin təpəsi”, “dikdir, yolun başı” mənasında işlənən qılıcsözünün “payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer” mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Suser” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 43°44′ ş. u.