Qazançı

Qazançı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Erməni müəlliflərinin əsərlərində, azərbaycanlı tədqiqatçıların əsərlərində “Qayı Qulu Qazançı” kimi də qeyd edilir. Vilayət mərkəzi Gümrü şəhərindən 41 km şimalda, dəniz səviyyəsində 2030 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər Ədirnə (1829) müqaviləsinə əsasən Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim türk mənşəli bulqar tayfasından biri olan “qazan” etnoniminə “-çı” mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Ğazançi” kimi yazılır “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°04′ şm. e., 43°49′ ş. u.