Qazançı

Qazançı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 15 km cənub-şərqdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər Ədirnə (1829) müqaviləsinə əsasən Türkiyənin Qars və Ərzurum paşalıqlarından köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına “-çı” şəkilçisinin artırılması ilə düzəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Meğraşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 43°56′ ş. u.