Qazanbil

Qazanbil – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində mağara. Vilayətin ərazisindəki Nüvədi (Nrnadzor) kəndində, Qozluçay adlı ərazinin başı üstündəki dağın yuxarı qurtaracağında – yer səthindən 14–15 m dərinlikdə yerləşir.

Toponim bulqar türk tayfasının tərkibində olan “qazan” etnonimi ilə “bil” sözünün birləşməsindən əmələ gəlmişdir. “Bil” sözü qədim türk dilində “nişan, əlamət” mənasında olan “belqü” sözündəndir. Burada “daş” mənasını ifadə edir. XIII–XIV əsrlərə aid bulqar yazılarında “bəlüqü” sözü “qəbir daşı, qəbirüstü daş” mənasında işlənmişdir.