Qayqulu Düzkənd

Qayqulu Düzkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 34 km şimalda, dəniz səviyyəsindən 2030 m hündürlükdə yerləşir.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi Türkiyəyə köç etmişdir. Kəndin adı ermənilər bura köçürüləndən sonra dəyişdirilərək “Düzxaraba” kimi qeydə alınmışdır. Qafqazın beşverstlik xəritəsində də “Düzxaraba” kimi qeydə alınmışdır.

Toponim oğuzların qədim tayfalarından olan “qayı” etnonimi ilə Qulu şəxs adından, relyef bildirən “düz” və “kənd” sözlərindən əmələ gəlib “qayı tayfasından olan Qulunun düzdə saldığı kənd” mənasını bildirir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hartaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°00′ şm. e., 43°55′ ş. u.