Qayqulu Ciftəli

Qayqulu Ciftəli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 36 km şimalda, dəniz səviyyəsindən 2010 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Ciftəli” kimi verilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər Ədirnə (1829) müqaviləsinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim oğuzların “qayı” etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulduğu “mal-qoyun bəslənən yer” mənasında işlənən “cift” sözündən əmələ gəlib “qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer” mənasını bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zuyqaxpyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°01′ şm. e., 43°54′ ş. u.