Qayalı

Qayalı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayət ərazisindəki Paşalı kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 130 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 223 nəfər, 1904-cü ildə 240 nəfər, 1914-cü ildə 264 nəfər, 1916-cı ildə 292 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1923–1924-cü illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd xarabalığa çevrilmişdir. Hazırda xarabalıqdır.

Toponim “dağ, daş” mənasında işlənən “qaya”sözünə çoxluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəldilmişdir.