Qarınburun – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Gərni kəndindən 16 km cənub-şərqdə, Gərni çayının yaxınlığında yerləşirdi.
Kənddə 1897-ci ildə 99 nəfər, 1914-cü ildə 102 nəfər, 1916-cı ildə 98 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənd 1920-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “kiçik arx, kiçik su yolu” mənasında işlənən “qarnım” sözü əsasında formalaşan “qarın” sözü ilə Azərbaycan dilində “qurunun dənizin içinə girən dağlıq, qayalıq hissəsi”, “irəli çıxan və ya suya doğru uzanan quru” mənasında işlənən “burun”sözünün birləşməsindən əmələ gəlmişdir.