Qarğadaşı

Qarğadaşı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Nüvədi (Nrnadzor) kəndinin ərazisində yerləşir. Dağ kəndi üzük qaşı kimi dövrəyə almışdır. Tədqiqatçı Həmzə Vəli 1985-ci ildə bu ərazidə Orxon-Yenisey yazılarına oxşar 7 daş kitabə tapmış və onlar haqqında “Nüvədi kitabələri” adlı əsərində ətraflı məlumat vermişdir.

Toponim Strabonun “Coğrafiya” əsərində adı çəkilən “qarqar” etnonimi ilə Azərbaycan dilində “dağ, qaya” mənasında işlənən “daş” sözü əsasında əmələ gəlmişdir. Aparılan tədqiqatlar göstərir ki, qarqarlar Albaniyada yaşamış qədim türk tayfalarından biridir. “Hər-hər”, “Xar-xar”, “Xal-xal”, “Kər-kər” və “Kəngər” toponimləri də “qarqar” etnonimi ilə bağlıdır.