Qarğabazar

Qarğabazar – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 40 km cənub-şərqdə, Qarasu çayının kənarında, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904-cü ildə 688 nəfər, 1914-cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənddə 1946–1947-ci illərdə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim qarğa türk etnoniminə “alış-veriş yeri” mənasında işlənən “bazar” sözünün artırılması ilə əmələ gəlib “qarğa tayfasının alış-veriş yeri” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Haykaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 44°18′ ş. u.