Qaravəng

Qaravəng – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsinin yaxınlığında, Təkədonduran çayından axan qolun yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 80 nəfər, 1873-cü ildə 187 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 260 nəfər, 1904-cü ildə 414 nəfər, 1914-cü ildə 455 nəfər, 1916-cı ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz ata-baba torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 66 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1923–1925-ci illərdə kənd sakinləri – azərbaycanlılar erməni rəhbərliyi tərəfindən sıxışdırılmışdır. Onlar rayondakı Qabaxlı və Kotanlı kəndlərində məskunlaşmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “böyük, əzamətli, yekə” mənasında işlənən “qara” sözü ilə qədim türk dilində “abidə, möhkəm abidə” mənasında işlənən “vəng” sözünün birləşməsindən əmələ gəlmişdir.