Qaraqula – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonu ərazisində, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 71 km şimal-qərbdə, Alagöz dağının 10 km şimal-qərbində, dəniz səviyyəsindən 1315 m hündürlükdə yerləşir.
Toponim qədim türk dilində “böyük, geniş, hündür, uca” mənasında işlənən qara sözü ilə “dağın şimal, gün düşməyən yamacı” mənasında işlənən qula sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Getap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 43°37′ ş. u.