Qaraqoyunlu

Qaraqoyunlu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilir.

Kənddə 1831-ci ildə 236 nəfər, 1873-cü ildə 355 nəfər, 1886-cı ildə 474 nəfər, 1897-ci ildə 456 nəfər, 1908-ci ildə 432 nəfər, 1914-cü ildə 475 nəfər, 1916-cı ildə isə 509 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalaraq kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənddə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 178 nəfər, 1926-cı ildə 228 nəfər, 1931-ci ildə isə 246 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir.

Toponim “qaraqoyunlu” türk etnonimi əsasında əmələ gəlmişdir.