Qaraqoyunlu

Qaraqoyunlu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Gərnibasar çayının yaxınlığında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 376 nəfər, 1886-cı ildə 464 nəfər, 1897-ci ildə 389 nəfər, 1904-cü ildə 551 nəfər, 1914-cü ildə 606 nəfər, 1916-cı ildə 589 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 60 nəfər, 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 119 nəfər, 1939-cu ildə 321 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir.

Toponim qaraqoyunlu türk tayfasının adı əsasında əmələ gəlmişdir.