Qaraqışlaq (Dostluq) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 24 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində, dəniz səviyyəsindən 835 hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 151 nəfər, 1873-cü ildə 735 nəfər, 1886-cı ildə 735 nəfər, 1897-ci ildə 1007 nəfər, 1904-cü ildə 832 nəfər, 1914 -cü ildə 1123 nəfər, 1916-cı ildə 1052 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərinin bir qismi öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 514 nəfər, 1926-cı ildə 753 nəfər, 1931-ci ildə 850 nəfər, 1959-cu ildə 1179 nəfər, 1970-ci ildə 1843 nəfər, 1979-cu ildə 1896 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim qədim türk dilində “böyük, geniş” mənasında işlənən qara sözü ilə, “qış vaxtı heyvandarların yaşadığı yer, yaşayış yeri” mənasında işlənən qışlaq sözündən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Dostluq”, Ermənistanın prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Hayanist” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°22′ ş. u.