Qaraqaya

Qaraqaya – keçmiş İrəvan quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 99 km şimalda, Tərsa çayının sahilində, dəniz səviyyəsindən 1160 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1937-ci ilə kimi Dilican rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur.

Kənddə 1897-ci ildə 215 nəfər, 1904-cü ildə 248 nəfər, 1914-cü ildə 265 nəfər, 1916-cı ildə 516 nəfər, 1919-cu ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 170 nəfər, 1926-cı ildə 169 nəfər, 1931-ci ildə 205 nəfər, 1939-cu ildə 242 nəfər, 1959-cu ildə 365 nəfər, 1970-ci ildə 425 nəfər, 1979-cu ildə 335 nəfər, 1987-ci ildə 350 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən doğma yurdlarından qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “uca, hündür, yüksək, şiş” mənasında işlənən “qara” sözünə “qaya” oroterminin qoşulması əsasında əmələ gəlmişdir və “hündür, uca, yüksək qayalıqda yerləşən kənd” deməkdir.

Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dzorvank” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°42′ şm. e., 45°06′ ş. u.