Qaraqala

Qaraqala – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Misxana çayının sahilində, Tayçarıx kəndinin yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır .

Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 290 nəfər, 1914-cü ildə 413 nəfər, 1916-cı ildə 247 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdirlər. Kənddə 1922-ci ildə 83 nəfər, 1926-cı ildə 132 nəfər, 1931-ci ildə 193 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim rəng bildirən “qara” sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlmişdir.