Qaranlıqdərə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 6 km şimalda, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir.
Kənddə ermənilərin məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir.
Toponim Azərbaycan dilində “heç nə görünməyən”, “işığı olmayan” mənasında işlənən “qaranlıq” sözü ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lusadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 45°08′ ş. u.