Qaranlıq

Qaranlıq rayonu 1939-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 1185 km² olan rayonun mərkəzi isə Qaranlıq şəhəri olmuşdur. Bura Kəvər şəhərindən 36 km cənub-şərqdə, İrəvandan 130 km məsafədə, Göyçə gölünün cənubunda, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Göyçə mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Novo-Bəyazid qəzasına daxil olmuşdur.

Toponim Azərbaycan dilində məkan mənası bildirən “-lıq” şəkilçisi qəbul etmiş, türk dilində “təpə”, “qaya” mənasında işlənən “qara”sözü əsasında əmələ gəlib “təpəlik, dağlıq, qayalıq yer” mənasını bildirir. “Qara” sözü ilə “-lıq” şəkilçisi arasındakı “n” bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.